Pensiyaçılara hər ay 100 manat faizsiz kredit veriləcək - ŞAD XƏBƏR
“Ödənişi aparılan pensiyaların 99.9 faizi plastik kartlarla ödənilir. Bununla belə bankomatlar qarşısında çoxsaylı növbələr yaranır. Bu da pensiyaçıların müəyyən narazılığına səbəb olur”. Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Sədr DSMF-nin ötən dövrdən araşdırdığı bu problemə iki əsas məsələnin səbəb olduğunu deyib.
“Bunlardan biri 2006-cı ildən etibarən ölkədə büdcədən maliyyələşən təşkilatlarda və özəl sektorda maaş və müavinətlərin də plastik kartlarla ödənilməsi sisteminə keçiddir. Digər mühüm səbəb isə bizim pensiyaçılarımızın plastik kartlara təyinatının düzgün yanaşmamasıdır. Pensiya maliyyələşmələri qrafik üzrə vaxtı-vaxtında aparılsa da, pensiyaçılarımız öz pensiya kartlarındakı vəsaiti dərhal nağdlaşdırmağa çalışırlar”.
Elman Mehdiyev bildirib ki, əmək pensiyaçılarının da öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdəndir və bunun üçün müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də bu gün ictimaiyyətə təqdim olunan “Pensiya+” xidmətidir.
““Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahiblərinə avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limiti verilir. Bu məbləğ pensiyaçının müraciəti əsasında artırıla bilər. Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmayacaq. Xidmət pulsuzdur və bu xidmətə qoşulan pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur”.
E. Mehdiyev deyir ki, pensiyaçı istəsə belə verilən krediti nağd əldə edə bilməyəcək, yalnız və yalnız nağdsız alış-veriş üçün həmin məbləği istifadə edə biləcək. Pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində növbəti ayın pensiya məbləğindən avtomatik olaraq çıxılacaq. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşəcək. Layihənin icrasına fevralın 1-dən start veriləcək.