Ermənilər Ağdamın Çıraqlı kəndində sakinlərin evini atəşə tutublar
Ağdam istiqamətində atəşkəsi pozan ermənilər rayonun Çıraqlı kənd sakini Bilal Hüseynovun evini hədəfə alıblar. Xoşbəxtlikdən güllə evin divarlarına dəyib. Üç tərəfdən düşmənin aydın müşahidə edə bildiyi Çıraqlıda sakinlərin təhlükəsizliyi üçün istinad divarları inşa olunsa da, bəzi evlər hələ də açıq hədəf olaraq görünür.
Bu kadrlar lentə alınanda gecə saat 12.00 radələri idi. Ümumi mənzərədən sakitlik duyulsa da, ara-sıra atəş səsləri eşidilirdi. Kənd sakini Bilal Hüseynov baş verən hadisəni belə təsvir edir: “Evdə oturmuşduq. Uşaq içəridə dərs hazırlayırdı. Birdən yüyürüb gəldi ki, ata, atdılar, dəydi evə. Mən də çıxıb baxdım ki, pəncərədən bir az aralı giribdir barıya. Yəni, içəri girsəydi, nə isə olardı, kiməsə dəyərdi”.
Xatırladaq ki, son 20 gündə artıq bir neçə dəfə ermənilərin atdığı güllələr Çıraqlı kəndində yaşayış evlərinə dəyib.