Nazir müavini: “Aşkarlanan saxta diplomlarla bağlı istintaq gedir”

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bununla bağlı geniş məlumat verəcək. Bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. O qeyd edib ki, hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, sərt addımlar atılacaq: “Hazırda xüsusi olaraq hər hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən diplomlarla olan vəziyyət də araşdırılır”.

Nazir müavini qeyd edib ki, bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi proseduru ötən il olduğu kimi həyata keçiriləcək. Onun sözlərinə görə, həmin qərara uyğun olaraq, ötən il orta məktəblərin buraxılış siniflərini bitirən məzunların 99.3 faizi attestatlarını alıblar: “Ötən il attestatların verilməsində yeni qaydaların tətbiqi yalnız bir il müddətində nəzərdə tutulmamışdı. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək”.

C. Bayramov bildirib ki, qış imtahan sessiyası ərzində ali məktəblərdə yaradılan “Qaynar xətt” xidmətlərinə kifayət qədər müraciət daxil olub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova