Tyorbörn Yaqland: “Avropada “qara nöqtələr” hələ də qalmaqdadır”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında şurasının baş katibi Tyorbörn Yaqland Assambleya üzvləri qarşısında təşkilatın fəaliyyəti haqda hesabat verib.
Daha sonra assambleya üzvləri baş katibə suallar ünvanlayıblar.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı sual verərək, Avropa Şurasının Ermənistanın təcavüzkar siyasətinə dözməsinin, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsinin səbəblərini soruşub.
T. Yaqland baş katib olduğu 5 il ərzində bu məsələdə heç bir irəliləyişin olmadığını vurğulayıb. O, Avropada həll olunmamış münaqişələrin hələ də qalmasından təəssüfünü ifadə edib. Baş katib qeyd edib ki, problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur, ancaq bu məsələdə Avropa Şurasının da üzərinə böyük məsuliyyət düşür.
Tyorbörn Yaqland vurğulayıb ki, Avropada “qara nöqtələr” adlandırılan yerlər var ki, orada konvensiya təəssüf ki, qüvvədə deyil və oraya müdaxilə edilə bilmir.