Ərdoğan Rza Zərrabın vətəninə səfərə gedib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranda rəsmi səfərdədir. Səfər İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında baş tutub. Türkiyə baş nazirini Tehranın Mehrabad beynəlxalq hava limanında İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan qarşılayıb. Ərdoğanı səfərdə beş nazir habelə digər rəsmi şəxslər, iş adamları və mətbuat nümayəndələri müşayiət edir.

 

Türkiyə baş nazirinin İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü gözlənilir. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlərin əsas müzakirə mövzusu olacağı bildirilir.

 

Bu, Türkiyə baş nazirinin Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra İrana ilk səfəridir. Tərəflər Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən əməliyyatla bağlı da fikir mübadiləsi aparacaqlar.

 

Müəllif | Apa.Tv
Apa.tv