Bakıda sovet dövründə inşa edilmiş 352 BİNANIN LAYİHƏSİ İTİRİLİB

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən 2013-cü ildə Bakının rayonlarında istismarda olan, SSRİ dövründə inşa olunmuş 5 və 9 mərtəbəli 608 binaya baxış keçirilib.


“İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2013-cü ildə aparılmış monitorinqin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev bildirib ki, Monitorinq Bakının Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Sabunçu, Səbail və Yasamal rayonlarında 12 Mənzil Kommunal İstismar Sahəsində aparılıb.

Aşkar olunan pozuntu halları ilə bağlı 173 akt tərtib edilib. Ən çox akt Nərimanov (70 akt ) və Nəsimi (52 akt) rayonlarının payına düşür. Aktlar əsasən qeyri-qanuni tiklilər, binaların qəzalı vəziyyətdə olması və s. ilə bağlı olub.

Monitorinq zamanı sovet dövründə inşa olunmuş binalardan 352-nin layihəsinin itdiyi aşkarlanıb. Belə hallara ən çox Nərimanov (156 bina) və Nəsimi (144 bina) rayonlarında rast gəlinib.

Tədbirdə açıqlanan məlumata görə, Bakıda 2013-cü ildə 1880 nəfər dəm qazından zəhərlənib.
Bu, 2012-ci illə müqayisədə 72 fakt azdır. Dəm qazından zəhərlənmə faktlarının qeydə alınmasına görə yenə Binəqədi rayonu liderlik edir. 2012-ci ildə Binəqədi rayonunda dəm qazından zəhərlənmə ilə bağlı 343, 2013-cü ildə isə 359 fakt qeydə alınıb. Yasamal, Sabunçu rayonları 2013-cü ildə də dəm qazından zəhərlənmə hallarının çoxluğu ilə seçilib.

 

Müəllif | Apa.Tv