Yaşıl marketlərin yaradılması qiymət artımının qarşısını alacaq - MÖVQE


"Yaşıl marketlərin və yeni bazarların yaradılması istehsal edilən kənd təsərrüfatı məhsulların qiymət artımın qarşını almağa hesablanıb ". Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hesab edir ki, fermerlər istehsal etdikləri məhsulları ikinci şəxs olmadan birbaşa bazara çıxarmaqla müvafiq qiymətə sata biləcəklər. Bu isə öz növbəsində bazarda möhtəkirliyin qarşısını almış olacaq. Bununla yanaşı yerli kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması da bazarda məhsul bolluğu yaradacaq ki, bu da qiymət artımını tənzimləyəcək.

«Bütün dünyada idxal-ixrac prosesi var. Biz də ölkəyə bir sıra məhsulları idxal etməliyik. Amma yerli məhsul istehsalını da artırmalıyıq ki, bazar başdan başa xarici malla olmasın».

İri kooperativlərin yaranması ilə ölkəmizdə istehsal olunan məhsulların xarici bazara çıxa biləcəyini deyən Eldar İbrahimov hesab edir ki, bunun üçün ilkin olaraq Avropa standartlarına uyğun məhsullar istehsal edilməlidir.

«Bir neçə il öncə Britaniya şirkətləri bizim yerli pomidor və almaları almaq üçün müqavilə bağladılar. Amma məhsullarımız standartına cavab vermədiyinə görə biz ixrac apara bilmədik. Düşünürəm ki, ilk növbədə Avropa standartlarına cavab verən məhsul istehsal etsək, o zaman məhsullarımızı xarici bazara asanlıqla çıxara biləcəyik».

Ölkə bazarında benzinin qiymətinin bahalaşmasının kənd təsərrüfatı sahəsində qiymət artımına səbəb olmayacağını deyən millət vəkili onu da bildirdi ki, bu sahənin tənzimlənməsi bir sıra faktorlardan asılıdır. Əsas şərt odur ki, istehsalda iştirak edən texnika, mineral gübrələr, yanacaq fermerlərə 50% güzəştlə verilir. Bu güzəştlər qiymət artımının qarşısını alır. Hesab edirik ki, bunu nəzərə alıb qiymət artımı tənzimlənəcək.
 

Müəllif | Apa.Tv