Qaxda zəlzələdən zərər çəkmiş evlərin sahiblərinə müavinətlərin verilməsinə başlanıb

Azərbaycanın Şimal-Qərb bölgəsində 2012-ci ilin mayında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir. APA TV-nin məlumatına görə, Qax rayonunda bərpa-gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinə ayrılmış müavinətlərin verilməsinin ikinci mərhələsi başlanılıb. Bu mərhələdə Qax rayonu üzrə ümumilikdə 541 nəfərə müavinət ödəniləcək. Qax rayonu Güllük kəndində də zəlzələdən zərər çəkmiş , bərpaya ehtiyacı olan evlərin sahiblərinə müavinətlərin verilməsinə başlanılıb. Güllük kəndində növbəti mərhələdə evin tikinti sahəsindən asılı olaraq, 43 ailəyə 4 000-7 000 manat məbləğində müavinət veriləcək. Ümumilikdə 3 minə yaxın əhalisi olan Güllük kəndində 649 fərdi yaşayış evindən zəlzələdən yararsız hala düşmüş 324 ev Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə yenidən tikilərək sakinlərə təhvil verilib. Daha 40 evin isə tikilməsi nəzərdə tutulub. Proses çərçivəsində 300 şagird tutumlu Güllük kənd tam orta məktəbi, 1 körpələr evi yenidən tikilib, uçmuş həyətyanı hasarların tikilməsi üçün isə 380 ton sement əhaliyə paylanıb. Daha bir məktəb binası da əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Kənd Mədəniyyət Evinin, icra nümayəndəliyinin inzibati binasının,1 dörd qruplu körpələr evinin və kənd məscidinin isə əsaslı təmiri nəzərdə tutulub. FHN tərəfindən ayrılmış müavinətləri sakinlərə “Azərpoçt”un xüsusi səyyar qrupları paylayır.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova