Ucarda üç yük maşını toqquşdu, ölən və yaralananlar var

Ucarda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Bərdə rayon sakini Fəxrəddin Məmmədovun idarə etdiyi qoşqulu “Kamaz” maşını, əks istiqamətdə hərəkətdə olan Bərdə rayon sakini Təhmiraz Qocayevin idarə etdiyi “MAN” yük maşını ilə toqquşub. Qəza törədən “Kamaz” daha sonra yol kənarında dayanmış, Bakı şəhər sakini 61 yaşlı Şahbaz Kərimova məxsus “QAZ 53” markalı yük maşınına çırpılıb. Nəticədə “Kamaz” ın sürücüsü Fəxrəddin Məmmədov hadisə yerində dünyasını dəyişib. “MAN”ın sürücüsü Təhmiraz Qocayev və “Kamaz” ın sərnişini 29 yaşlı Cəlal Xosrovov ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hər iki xəstənin vəziyyəti ağırdır. İlkin versiyaya görə, hadisəyə səbəb “Kamaz”ın sürücüsünün hava şəraitinə uyğun sürət seçməməsi olub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Zahid Abışov