Hacıqabulda 19 vaqon relsdən çıxaraq aşıb – HADİSƏ YERİNDƏN İLK GÖRÜNTÜLƏR

Hacıqabulda buğda və tikinti materialları daşıyan yük qatarının 53 vaqonundan 19-u relsdən çıxaraq aşıb. Nəticədə hər iki istiqamətdə yük və sərnişin qatarlarının hərəkəti dayandırılıb. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA TV-yə verdiyi məlumata görə, hazırda ərazidə təmizləmə işləri həyata keçirilir.

SİTAT: Növbəti sərnişin qatarı axşam 23-30 da qəza baş verən ərazidən keçəcək. Bu vaxta kimi ərazini tam təmizləyib yolu bir tərəfli açmağa çalışırıq. Əgər işlər nəzərdə tutulduğu zamana kimi başa çatmasa, o zaman sərnişin qatarı növbəti stansiyada ləngiyə bilər. Çalışıb işləri yekunlaşdıracağıq".

Xatırladaq ki, günorta saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Bakıdan Gəncə istiqamətinə hərəkət edən yük qatarı relsdən çıxıb, 6 taxıl vaqonu olmaqla, mişar daşı, qum və taxta ilə yüklənmiş 19 vaqon aşıb. Qəza nəticəsində bir neçə yüz metr məsafədə dəmir yolu və elektrik dirəkləri sıradan çıxıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına «Fövqəladə Hallar Qatarı» MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbi araşdırılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı