Bakıda QARTƏMİZLƏYƏN MAŞINLAR HAZIR VƏZİYYƏTƏ GƏTİRİLDİ

Sinoptiklərin ölkə ərazisində, o cümlədən, Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi ilə bağlı xəbərdarlığı Bakının kommunal xidmətlərini hərəkətə gətirib. APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaları ötən axşamdan paytaxtın müxtəlif yerlərində növbə çəkir. Qar yağsa, hazır vəziyyətə gətirilən digər texnikalar da Bakıda yolların təmizləmənməsi prosesinə cəlb ediləcək.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə bildirib ki, bu quruma məxsus texnikalar da qar yağıntısının fəsadlarının aradan qaldırılmasına tam hazırdır. Onun sözlərinə görə, yolların təmizlənməsi üçün kifayət qədər texnika, qum, duz ehtiyatı mövcuddur.

 

Xatırladaq ki, bu gün hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv