Nərimanov rayonunda PARTLAYIŞ TƏHLÜKƏSİNİN QARŞISI ALINIB

Dövlət qurumlarının vaxtında müdaxiləsi Bakının Nərimanov rayonunda mümkün faciənin qarşısını alıb. Gündüz saatlarında İslam Abışov küçəsindəki mənzillərdən birində metan qazı sızması baş verib. Ev sahibi Şirzad Əmiraslanov qaz sobasını yandırmaq istəyərkən qaz partlaması olub və onun üzü yanıb. Bundan başqa, mənzilə də ziyan dəyib. Hadisədən sonra müvafiq qurumların əməkdaşları mənzildə olublar, lakin qaz sızmasının mənbəyini tapmaq mümkün olmayıb.

 

Axşam saatlarında ev sakinləri yenidən qaz qoxusu hiss ediblər. Bu barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin və "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri mənzilə gəliblər. Araşdırma nəticəsində məlum olub ki, metan qazı evin altından sızır. Mütəxəssislər mənzildə yaşamağın təhlükəli olduğu qənaətinə gəliblər və dörd sakinə bu barədə xəbərdarlıq ediblər. Şirzad Əmiraslanov və ailəsi mənzili tərk edib.

 

Bu gün mənzilə yenidən baxış keçiriləcək və sonrakı addımlarla bağlı yekun qərar qəbul ediləcək.

 

Müəllif | Apa.Tv