Sərnişin AVTOBUSU 5 MAŞINA ÇIRPILDI

Qubada zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusunun qarşısına çıxan avtomobil daha 5 nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb olub.

 

APA TV-nin xəbərinə görə, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Bakir Ələkbərovun idarə etdiyi sərnişin avtobusu Bakı istiqamətində hərəkətdə olarkən qarşısına "VAZ 2107" markalı avtomobil çıxıb. Avtobus sürücüsü qəzadan yayınmaq üçün maşını sağ istiqamətə qaçırıb. Bu zaman avtobus sürüşərək yoldan çıxıb və daha 4 avtomobilin qəzaya düşməsinə səbəb olub. Ardıcıl olaraq, "Mercedes", "Nissan", "Toyota" və "Niva" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə və yol kənarındakı sürahilərə ciddi ziyan dəyib. İçərisində 5 sərnişin olan avtobus Rostovdan gəlirmiş.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır. Avtobus yolu bağladığından Qubadan Bakı istiqamətində olan ikizolaqlı yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan