YOL POLİSİ GÖZLƏNƏN QARLA BAĞLI XƏBƏRDARLIQ ETDİ!

Azərbaycanda qeyri-sabit hava şəraiti və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. İdarədən qeyd edilib ki, axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə məlumat daxil olub. Əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin istiqamətlərdə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə edilməlidir.

 

Əsasən, Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sahibləri diqqətli olmalıdırlar. Sürücülər Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillərin də Xaçmaz yolundan istifadə etməsi tövsiyə olunur. Məlumatda, həmçinin bildirilir ki, yaxın günlərdə Bakının bəzi yerlərində də yollar buz bağlayacağından paytaxt sürücüləri təhlükəsizlik tədbirləri görməlidirlər.  

 

APA TV-nin xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Departamentdən verilən məlumata görə, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında yanvarın 30-da havanın teçpraturu  0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

 

Müəllif | Apa.Tv