Rada həbsdə olan aksiya iştirakçılarının azad edilməsi üçün ŞƏRT QOYDU

Ukrayna Radası ölkədə noyabrdan bəri davam edən hökumət əleyhinə etiraz aksiyalarında saxlanan şəxslərin sərbəst buraxılması barədə qərar qəbul edib. Qərarın icrasına başlamaq üçün etirazçıların ələ keçirdiyi dövlət binalarını 15 gün müddətində boşaltmaq şərti irəli sürülüb. Prezident Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyası ölkədə vəziyyətin normallaşması üçün bu addımı vacib sayır. Qərara əsasən, Azadlıq meydanı və aksiya iştirakçılarının toplaşdığı digər ərazilərdə çadırlara və qərargahlara toxunulmayacaq. Etiraz aksiyalarına qatıldıqlarına görə  tutulan şəxslərin buraxılması üçün qoyulan şərtlər sırasında küçə və prospektlərdə barrikadaların ləğv edilməsi də yer alıb. APA TVxəbər verir ki, bəzi müxaliflər tutulan şəxslərin azadlığa buraxılması üçün irəli sürülən şərtləri düzgün hesab etmirlər. Onlar 2004-cü ildə qəbul olunmuş Konstitutsiyanın yenidən qüvvəyə minməsini tələb edirlər.


 

Müəllif | Apa.Tv
Apa.tv