Politoloq: "Yaxınlarda Qarabağda müharibə başlamayacaq"

"Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlamayacaq".

Bunu APA-ya Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, politoloq Andrey Kazantsev deyib. Politoloq bildirib ki, yeni müharibə 90-cı illərin müharibəsindən çox fərqli olacaq. Çünki həmin vaxt siyasi və iqtisadi vəziyyət tamamilə fərqli, ölkələri idarə edən hakimiyyətlər zəif olub. Nə Azərbaycanda, nə də Ermənistanda ölkəni idarə edəcək güclü lider vardı. Lakin indi vəziyyət başqa cürdür. Azərbaycanı idarə edən güclü lider var. Yaxın perspektivdə olmasa da, uzaq perspektivdə konfliktin həlli imkanları qalır.

Kazantsev qeyd edib ki, bu gün münaqişə tərəfləri bir-birini diversiya fəaliyyətində günahlandırır. Cəbhə xəttində atəşkəsə nəzarət edən yoxdur. Neçə ildir, Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Əslində isə atəşkəsə üçüncü tərəf nəzarət etməlidir. Ona görə də tərəflər arasında mütəmadi olaraq diversiya aktları baş verir. Bunların baş verməsinə görə isə beynəlxalq ictimaiyyət günahkardır. Sabah bu ərazidə hər hansı terror aktı və ya çoxlu insan ölümü ilə nəticələn hadisə baş verə bilər.

 Siyasi ekspertin fikrincə, böyük dövlətlər, xüsusilə Qərb ölkələri də Qarabağda müharibənin başlanmasında maraqlı deyil. A. Kazantsev onu da deyib ki, Dağlıq Qarabağla bağlı Gömrük İttifaqında yaranan vəziyyət mürəkkəbdir. Heç kəs Azərbaycanın suverenliyinə kölgə salaraq, Dağlıq Qarabağı Gömrük İttifaqına qəbul etmək istəmir.

 

Müəllif | Apa.Tv
Apa.tv