Davamsızlıq limitini keçən tələbələr UNİVERSİTETDƏN QOVULMAYACAQLAR

"2013-cü il dekabrın 25-dən bu günə kimi Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub. Bunların arasında məlumat və şikayət xarakterli zənglər üstünlük təşkil edir".

 

APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev deyir ki, ali təhsillə bağlı “Qaynar xətt”ə daxil olan 20-yə yaxın zəng yerində həll edilib. Bunlar əsasən, bərpa işləri ilə bağlı olub. Nazirlik rəsmisi  nazirlikdə diplomların verilməsi ilə məşğul olacaq yeni sektorun  yaradılacağını deyir: “Yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq. Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında diplomları müzakirə edəndə, Ali Attestasiya Komissiyası protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın".

 

Təhsil Nazirliyi tərəfindən gələcəkdə ali məktəblərdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlandığını deyən Yaqub Piriyev bildirib ki, hazırda hər bir universitetdə imtahanlar əsasnamələrə uyğun olaraq həyata keçirilir. Bəzi ali məktəblərdə imtahanlar yazılı, bəzilərində isə şifahi üsulla aparılır. Amma gələcəkdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yəqin ki, bu qaydalar yaxınlarda həyata keçiriləcək.

Ali təsil müəssisələrində aparılan dəyişikliklərdən biri də tələbələrin dərsə davamiyyəti ilə bağlıdır. Yeni qanuna əsasən tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub. Tələbə ümumi 30%-40% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq. Limiti keçən tələbələr imtahana  buraxılmayacaqlar.  Yay məktəbində və ya  növbəti semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə biləcəklər.

 

Müəllif | Apa.Tv