Müəllimlər İnstitutunun filiallarına qəbul dayandırlıb

"Müəllimlər İnstitutunun bağlanan Sumqayıt, Gəncə , Mingəcevir, Salyan filiallarında işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir".

APA TV xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialının fəaliyyət göstərdiyini deyən Y.Piriyev əlavə edib ki, bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. Həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib. 

Bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Nazirlik rəsmisi Azərbaycan Beynəlxalq Universitetinin məzunlarının gələcək taleyinə də aydınlıq gətirib. Deyib ki, qısa zamanda Təhsil Nazirliyinə Universitetlə bağlı minlərlə ərizə daxil olub. Ali məktəbə qanunu yolla qəbul olunan bütün tələbələr diplom alacaqlar: "Bu ali məktəblə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır. Nazirliyə müraciət edən insanların problemlərinin həlli üçün onların bir qismi idarəyə yönəldilib. Bu məsələyə aydınlıq gətiriləcək və əhaliyə ətraflı məlumat veriləcək”.

Nazirlik rəsmisi onu da deyib ki, Sumqayıt Dövlət Universitetində işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər. Universitetə yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir.

 

Müəllif | Apa.Tv