“Müşfiqabad məscidi” Suriyaya GEDƏN AZƏRBAYCANLILARI DƏSTƏKLƏYİR?

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər radikal dini cərəyan nümayəndələrinin toplaşdığı, Suriyada döyüşməyə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan “Müşfiqabad məscidi” Dini İcması ilə bağlı yoxlama aparıb.

 

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, DQİDK tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yenidən qeydiyyatdan keçməmiş dini icmanın fəaliyyətinin yoxlanılması bir müddət əvvəl aparılıb, yoxlamalar zamanı icmanın fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanıb.

 

Bildirilib ki, hazırda yoxlama bitib və nəticələr araşdırılır. Araşdırma bitdikdən sonra dini icmanın fəaliyyəti ilə bağlı qərar veriləcək və ictimaiyyətə açıqlanacaq.

 

Komitədən onu da bildiriblər ki, dövlət qeydiyyatından keçməyən digər icmaların da fəaliyyəti işçi qaydada DQİDK tərəfindən yoxlanılacaq.

 

Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev APA-ya Komitənin bu addımının anlaşılmaz olduğunu bildirib.

 

Son vaxtlar Suriyaya gedənlərlə bağlı münasibətinin istənilməsinə isə M. Qaçayev cavab verməkdən imtina edib.

 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli APA-ya bildirib həmin məscid xəvvaricilərin toplaşdığı təhlükəli məkana çevrilib.

Müəllif | Apa.Tv
Apa.tv