İntiqam Babayev: “Suriyada həlak olanlara şəhid deyə bilmərəm” - MÜSAHİBƏ


Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin APA TV-yə müsahibəsi

- Azərbaycanda Gənclərinin İnkişaf Strategiyasının hazırlanması ilə bağlı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, 2012-ci ilin dekabr ayında cənab Prezidentin fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq olundu. Bu çox möhtəşəm bir sənəddir. Burada ölkəmizin növbəti illər üçün inkişafının təməlini qoyan məqamlar öz əksini tapıb. O cümlədən gənclərlə iş və idman sahəsində hədəf və vəzifələr öz əksini tapıb. Bunların içərisində inkişaf strategiyası var. İnkişaf strategiyasının hazırlanmasına Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları, müstəqil ekspertlər, eyni zamanda beynəlxalq mütəxəssislər də cəlb olunub. Biz bu strategiyanın layihəsini hazırladıq. Hal-hazırda bu layihə digər normativ sənədlər kimi aidiyyatı dövlət qurumlarında razılaşdırılma mərhələsindədir. Strategiyada o da var ki, 2011-2015-ci illəri əhatə edən dövlət proqramı bitən kimi növbəti illəri əhatə edəcək dövlət proqramı hazırlanmalıdır. Biz bununla daha sonra məşğul olacağıq. Burada gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, lider və menecer olaraq peşəkar gənclərin formalaşması, gənclərin sağlam həyat tərzinin təbliği və onun sağlamlığının artırılması, gənclərlə bağlı olan mövcud infrastrukturun daha da gücləndirilməsi, onun inkişaf etdirilməsi və eyni zamanda digər maraqlı məqamlar öz əksini tapıb. Eyni zamanda beynəlxalq qurumlarda gənc, peşəkar mütəxəssislərin təmsilçiliklərinin artırılması istiqamətində müvafiq addımlar atmaq da sənəddə əks olunub.

- “Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişiklər ediləcəkmi?

- “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklər edilməsi üçün təkliflər paketini hazırlamışıq. Yaxın günlərdə təkliflər paketi Milli Məclisin müvafiq komitəsinə təqdim olunacaq. Gənc alimlərlə bağlı əlavə bəndlərin salınması da həmin təkliflər içərisində yer alıb. Bu gün 14-29 yaşı əhatə edən vətəndaşlar gənc sayılır. Eyni zamanda ailə olduqda 35 yaşa qədər olan şəxslər də gənclər kateqoriyasına aid edilir. 29 yaşa qədər elm sahəsində kifayət qədər təsiredici nailiyyətlər əldə etmək bir qədər çətin olduğu üçün məhz gənc alimlərlə bağlı yaşın artırılmasını təklif edirik. Bununla bağlı son sözü parlament deyəcək. Biz Milli Elmlər Akademiyası ilə də bu barədə müzakirələr aparırıq. Müzakirələr 35 və 40 yaş seçimi ətrafında gedir.

Ümumiyyətlə, “Gənclər siyasəti haqqında” qanun 2002-ci ildə qəbul olunanda daha çox çərçivə xarakteri daşıyan qanun idi. 2007-ci ildə qanunun bir çox bəndlərinə əlavə və dəyişikliklər edildi və daha dəqiq ifadələr və vəzifələr qoyuldu. Düşünürəm ki, 2014-cü ildə qəbul ediləcək əlavə və dəyişikliklər daha müasir şəkildə qanunumuzun təkmilləşdirilməsinə xidmət edəcək. Qanunvericilik belədir ki, dövrün tələbinə uyğun olaraq zərurət yarandıqda bu və ya digər əlavə düzəlişlər ola bilər. 2014-cü ildə də bizim verdiyimiz təkliflər son deyil. Bir neçə ildən sonra biz yenidən bu məsələyə qayıda bilərik. Biz keçən il ərzində UNİCEF-in mütəxəssislərini cəlb etməklə, eyni zamanda digər ölkələrə də nümayəndələrimizi ezam etdik. Ümumiyyətlə, Azərbaycanın təcrübəsini nəzərə alaraq o təklifləri düşünmüşük. Çünki belə bir model yoxdur ki, hansısa ölkədən götürüb, onu olduğu kimi tətbiq edəsən. Hər ölkənin öz dövlətçilik ənənələri, öz milli hədəf və vəzifələri var. Düşünürəm ki, Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun bugünkü formatında ən azı MDB məkanında güclü qanunlardan biridir.


- Gənclər üçün ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz verilməsinə dair güzəştlər gözlənilirmi?

- Dövlət proqramı çərçivəsində həm ipoteka krediti, həm də digər sahələrdə bu və ya digər normativ təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur. Ötən il Azərbaycan İpoteka Fondu ilə birlikdə uzun müddət təkliflər paketi üzərində işlədik və həmin layihə artıq Nazirlər Kabinetinə təqdim olunub. Layihədə ipoteka kreditlərinin verilmə mexanizmlərinin daha da təkmilləşdirilməsi təklif olunub. Sosial ipotekanı əldə etmək hüququ olan insanların kateqoriyasının və verilən vəsaitin həcminin artırılması ilə bağlı təkliflərimiz var. Eyni zamanda vətəndaşları narahat edən əsas məsələlərdən olan illik faiz və ilkin ödəniş məsələsi ilə də həmin paketdə təklif olaraq yer alıb. Bu günə qədər sosial ipoteka gənc ailəyə və hərbi qulluqçuların ailələrinə şamil edilirdi. Təklif etmişik ki, bu ipoteka növü gənc ailələrlə yanaşı, subay gənclərə də şamil edilsin. Eyni zamanda təklif edirik ki, bu gün müxtəlif elm müəssisələrində çalışan elmi işçilər, laborantlar da gənc alim statusuna yaxınlaşdırılsın ki, onların da həmin ipotekadan istifadə etmək hüququ olsun. Burada verilən vəsaitin də həcminin artırılması təklifi də var. İllik faiz və ilkin ödəniş məsələsi ilə də bağlı təkliflərimiz var. Müəyyən razılaşmadan sonra son qərarın necə olduğunu deyə bilərik. Düşünürəm ki, 2014-cü il gənclərimiz üçün çox məhsuldar olacaq. Keçən il cənab Prezidentin fərmanı ilə ilk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olundu. Bu il həmin mükafatlar təqdim olunacaq.

- Nazirlik rəsmisi olaraq Suriyaya gedən gənclərə nə məsləhət verərdiniz?

- Məmur və insan olaraq deyərdim ki, gənclər Suriyaya getməsinlər. Çünki onların orada həlak olması bizi üzür. O baxımdan üzür ki, hamısı gənclərdir. Mən düşünürəm ki, ora gedib həlak olmaq gənc həyatı boşa verməkdir. Onlara şəhid statusunun verilməsi hər iki baxımdan alınmır. Şəhid statusu ya vətən, ya da din uğrunda ölənə verilir. Onlar Vətən uğrunda həlak olmurlar, çünki Suriyanın bizə heç bir aidiyyəti yoxdur. Dini tərəfdən də ona görə uyğun gəlmir ki, hər iki tərəf müsəlmandır. Oradakılar ya muzdla, ya da başqa fikirlə birləşib bir-birinə güllə atırlar. Bu narahatedici məqamdır. Çünki Azərbaycan dini baxımdan həmişə çox tolerant olan ölkə olub. Burada dindarlar üçün hər cür şərait var. İnsan normal şəkildə öz dini ibadətini həyata keçirir və eyni zamanda cəmiyyətin fəal üzvüdür. Yaranan təriqətlər bu ənənələri pozur, onlar gənclərin dini baxımdan radikallaşmasına, ifrata varmasına xidmət edir. Mən düşünürəm ki, aidiyyəti orqanlar hüquqi müstəvidə bununla məşğul olmalıdırlar. Ümumiyyətlə, cəmiyyətin əsas vəzifəsi bu istiqamətdə maarifləndirici işləri gücləndirməkdir.

Hesab edirəm ki, bu gün Suriyada gedib başqa ölkələrin siyasətinə xidmət etmək, onların maraqlarının qurbanı olmaq heç də yaxşı bir iş deyil. Mən buna çox təəssüf edirəm. Azərbaycanın Qarabağ problemi var. Əgər bu gün canını qurban verməyə hazır olan oğullarımız varsa, onlar Azərbaycanda olmalı və hər an Ali Baş Komandanın əmrini gözləməlidirlər. Onlar burada lazımdırlar. Suriyada olan gərginlik, vətəndaş qarşıdurması tamam başqa siyasətdir. Biz onun tərəfdarıyıq ki, Suriyada olan bütün problemlər dinc yolla həll olunsun. Gənclərimiz bu aldadıcı ideyalara qulaq asmasınlar. Mən Suriyada həlak olanlara şəhid deyə bilmərəm”.

 

Müəllif | Apa.Tv