Bakı QARA, BUZA, ŞAXTAYA HAZIRDIRMI?

Bir neçə gündür, sinoptiklər ölkədə havaların kəskin pisləşəcəyi, qar yağacağı, yolların buz bağlayacağı barədə proqnoz verir. Qar yağmasına əslində hamı sevinməlidir. Axı qar həm də mikrobları yox edir. Ancaq qarın yağmasından sonra küçələrdə yaranan vəziyyəti, dizə qədər palçıqlı yolları xatırlayanda sevinməyə belə qorxuruq.  Çox uzaq getməyək, elə dekabrın əvvəlində Bakıya yağan qısamüddətli qarın şəhərdə hansı problemlər yaratdığını xatırlamaq kifayətdir. Yağıntı səbəbindən bəzi yollarda tıxac və sıxlıq yarandı. Bundan öncəki illərdə də analoji hal təkrar olunurdu.

Ancaq aidiyyatı qurumlar bu dəfə həmin problemlərin yaşanmayacağını vəd edir. Sinoptiklərin respublikada hava şəraitinin kəskinləşəcəyi ilə bağlı xəbərdarlığı Bakının kommunal xidmətlərini hərəkətə gətirib. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaları ötən axşamdan paytaxtın müxtəlif yerlərində növbə çəkir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar hazırdır.

Yollar buz bağlayarsa, Nəqliyyat Nazilriyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin texnika və avadanlıqları, işçi heyəti səfərbər olunacaq.

Bundan başqa cəmiyyətdə  xüsusi qərargah yaradılıb ki, bütün yol istismar müəssisələrinin rəhbərləri də qərargahın üzvləri sayılır: 

Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Müsəliyev APA TV-yə deyib ki, proses Nəqliyyat Nazirliyinin rəhbərliyinin nəzarətindədir: "Respublika üzrə götürsək, ümumilikdə 25 min kub metrə yaxın qum ehtiyyatı, 1500 ton duz ehtiyatı görülüb. 1100 ə yaxın texnika saz vəziyyətə gətirilib. Yol istismar sahələrinin asfalt beton zavodlaırnda belə texnikalar kifayət qədər var".

Texnika və avadanlıqlar, işçi heyəti hazırdır. Qalır, bircə qarın yağmasını, yolların buz bağlamasını gözləmək və ən əsası buz bağlamış yolların qardan necə təmizləyəcəyini izləmək.

 

Avtomobil Yollarının İstismarı İdarəsinin baş mühəndisi Əlikram Pənahov bunları deyib: "Bakı şəhərində hərəkətin intelektuallığını, faziləsiz hərəkətini təmin etmək məqsədi ilə bu qarajda toplanmışıq. Bütün fəhlələr isti geyimlərlə, yeməklə təmin edilib. Qar yağan vaxtı burda növbətçi hissə cədvəli qurulur".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar yenidən xəbərdarlıq edib. Qrup rəhbəri Fərqanə Həsənova deyib ki, iki gündə güclü şimal küləyi əsəcək, qar yağacaq, Bakıda havanın temperaturu -1-3 dərəcə şaxta olacaq.
 

Onu da əlavə edək ki, qeyri-sabit hava şəraiti və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki,  axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə məlumat daxil olub. Əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin istiqamətlərdə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə edilməlidir. Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sahibləri diqqətli olmalıdırlar. Sürücülər Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillərin də Xaçmaz yolundan istifadə etməsi tövsiyə olunur. Məlumatda, bildirilir ki, yaxın günlərdə Bakının bəzi yerlərində də yollar buz bağlayacağından paytaxt sürücüləri təhlükəsizlik tədbirləri görməlidirlər. 

Müəllif | Apa.Tv
Apa.tv