Dövlət Yol Polisindən QARLI HAVA ŞƏRAİTİ İLƏ BAĞLI XƏBƏRDARLIQ!

Respublika Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarındakı vəziyyətlə bağlı açıqlama verib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə yollar buz bağlayıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Bakı-Şamaxı yolunda yolun səthi buz bağlayıb. Bakı-Quba yolunun 83-cü kilometrliyinə qədər isə yol açıqdır, amma 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsini buz bağlayıb. Bakı-Qazax yolunun keçdiyi əraziyə də qar yağır, nəqliyyatın hərəkətində problemlər var. Ağsu-İsmayıllı yolunda isə gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lakin həmin istiqamətdə yollar qardan və buzdan təmizlənir. Sürücülərə qeyd olunan yollardan mümkün qədər az istifadə etmələri və ehtiyatlı olmaları tövsiyə edilib. Qarlı yollarda hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsi məsləhət görülüb. Ötən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Ən ağır yol qəzası Ağstafa rayonunda qeydə alınıb. Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulmuş elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib. Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Nəqliyyat Nazirliyinin "Azəravtoyolsevis" ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
 

Müəllif | Apa.Tv
Apa.tv