Qarlı hava şəraiti ilə əlaqədar təcili yardıma müraciətlər azalıb - ZEMFİRA VAHİDOVA

Şaxtalı və qarlı hava ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışların sayı adi günlərə nisbətən azalıb. Bu barədə APA TV-yə stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib. Onun sözlərinə görə, gecə saatlarında cəmi bir avtomobil qəzası baş verib. Xəsarət alan dərhal xəstəxanaya yerləşdirilib. Daha bir nəfəri isə maşın vurub. Ümumilikdə 2 avtonəqliyyat hadisəsi baş verib. Dəm qazından zəhərlənmə ilə bağlı isə 8 nəfər müraciət edib. 5 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Həkimin sözlərinə görə, xroniki xəstəliklərdən əziyyət çəkənlər dünən evdə olduqlarından stansiyaya müraciət etməyiblər. Bütün çağırışlar yerinə yetirilib, hava şəraiti ilə bağlı çatmadığımız çağırışlara isə telefonla məsləhətlər verilib.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova