Qarlı hava şəraiti ilə bağlı avtovağzal, dəmiryolu və aeroportda SON DURUM
Havaların kəskin soyuması ilə bağlı Bakı Beynəlxalq Avtovağzalında gecikmələr müşahidə olunur. Artıq təxirə salınan reyslər var. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, bu, sərnişin azlığı ilə bağlıdır.
Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, Gəncə və Naxçıvan istiqamətində reyslər təxirə salınıb: “Belə reyslərin sayını axşam dəqiqləşdirəcəyik. Rayonlardan da az maşın çıxır. Adam olmadığı üçün maşınlar az gəlir. Səbəb sərnişin yoxluğudur. Ağsu yolu və İsmayıllı-Qəbələ yolu bağlıdır. Həmin yolla hərəkət edən maşınlar ancaq Kürdəmir yolu ilə gedir. Cənub istiqamətində yollarda müəyyən problemlər var. Gələn avtobuslar da gecikirlər. Bəziləri hələ də gəlib çatmayıb”.
Beynəlxalq avtovağzaldan fərqli olaraq dəmiryolu ilə sərnişin daşınmasında səhər saatlarından etibarən sıxlıq müşahidə olunur. Elə bu səbəbdən də Böyük Kəsik istiqamətində hərəkət edən qatara əlavə 8 vaqon qoşulub. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qarlı şaxtalı hava ilə əlaqədar sərnişin axınının axşama qədər artacağı gözlənilir. Belə olan təqdirdə qatarlara əlavə vaqonlar qoşulacaq.
Kəskin hava şəraiti Azərbaycanın hava yollarına da təsirsiz ötüşməyib. Bakı-Gəncə reysi 15 dəqiqə gecikməklə yola salınıb. AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli bildirib ki, qurum gücləndirilmiş iş rejiminə keçib. Uçuş enmə zolağı uçuşa və enişə tam hazırdır.