“QHT-lər haqqında” qanuna dəyişikliklər müzakirə olundu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında ” qanunlara əlavə və dəyişikliklər müzakirə olunub. Tədbirdə çıxış edən Azay Quliyev bildirib ki, sözügedən qanun layihəsi Milli Məclisdə müzakirə edilib və qəbul olunaraq Prezident Administrasiyasına göndərilib. Buna baxmayaraq, qanunla bağlı Şuraya bir sıra rəylər daxil olub ki, onların bir hissəsi yerli, digər hissəsi isə beynəlxalq təşkilatlar tərəfindən təqdim edilib. Milli Məclisin hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər dəqiqləşdirici xarakter daşıyır və edilən normativ aktlarda daxili ziddiyyətlərin aradan qaldırılmasına yönəlib. O, qeyd edib ki, qanunun qəbulundan sonrakı narahatlıq təəccüb doğurur. Çünki qanunlara edilən dəyişikliklər bütövlükdə vətəndaş cəmiyyətinin fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi daşıyır və əsas etibarilə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsinə yönəlib.

Hüquq və inkişaf mərkəzinin sədri Hafiz Həsənli qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdə sanksiyaların yüksək olmasından şikayətlənib. O bildirib ki, sanksiya tətbiq edilməsi zamanı qrantın geri alınması qəbul edilməzdir.

Qaldırılan problemlərin gündəmdə saxlanacağını bəyan edən Əli Hüseynli bildirib ki, QHT-lərin cərimə sanksiyaları ilə bağlı narahatlığını əsasız sayıb. Onun sözlərinə görə, sanksiyaların yüksək olması onların daha da təsirli olmasına yönəlib. Belə ki, qanuna riayət edərək fəaliyyət göstərən QHT-lərin bununla bağlı narahatlığı üçün heç bir səbəb yoxdur.
 

Müəllif | Apa.Tv