QMİ: “Aşurbəy məscidi və Müşfiqabad məscidi bizim tabeliyimizdə deyil”


Qafqaz Müsəlmanları İdarəsi İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalarla bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir.

Bununla bağlı İdarə bildirib ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyil. Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyiblər və adı çəkilən məscidlərə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməyib.

İdarə əlavə edib ki, Müşfiqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub.

Deyilən səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri Qafqaz Müsəlmanları İdarəsinin təşkilati strukturuna daxil deyil, buna görə də həmin məscidlərə QMI tərəfindən heç bir din xadimi təyin edilməyib. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri idarə tanımır.

 

Müəllif | Apa.Tv