Lənkəran silah-sursat oğurlayan dəstə ələ keçdi
Lənkəranda orta məktəblərin birindən oğurluq edən dəstənin üzvləri saxlanıb. APA TV-nin məlumatına görə, saxlanan şəxslər ilkin istintaq zamanı əməllərini maddi ehtiyac üzündən törətdiklərini bildiriblər. Polisə 2 saylı orta məktəbin həyətindəki anbardan təhsil məqsədi uçun nəzərdə tutulmuş bərk invertarların oğurlanması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fayaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramil Rəhman oğlu Qulamov şubhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, həmin şəxslər yanvarın ortalarında məktəbin arxiv otağındakı seyfi sındırmaqla oradan təlim məqsədi uçun nəzərdə tutulmuş 4 ədəd tir tüfəngini, 2 ədəd “F-1” və 3 ədəd “RQD-5” əl qumbaralarını, həmçinin xeyli sayda patronu oğurlayıblar. Saxlanan şəxslər törətdikləri əməllərdən peşman olduqlarını nədənsə gülərək etiraf etdilər.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxslərin hansısa digər cinayət əməllərində iştirak edib-etməmələri barədə araşdırmalar davam etdirilir.