Güclü qar Qubanın yollarında ciddi problemlər yaradıb
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində qarın yağması intensivləşib. Çovğunla müşayiət olunan qar Qubanın avtomobil yollarında problemlər yaradıb. Xüsusilə dağlıq ərazilərdə yerləşən yollarda nəqliyyatın hərəkəti çətinləşib. Quba avtovağzalından bildirilib ki, rayonun 20-yə yaxın kəndinə işləyən marşrutlar xəttə çıxmayıb. Onların arasında Çiçi, Rustov, Zərqova, Pirvahid kimi əhalinin çox yaşadığı kəndlərin adları da var.
Rəhman Dadaşov Quba Avtovağzalının növbə rəisi
Avtovağzal öz iş qaydasında, öz qrafikində işləyir. Bakı istiqamətində marşrutlar vaxtı-vaxtında çıxır. Şəhərdaxili avtobus da işləyir.
Xaçmazda qar elektrik təsərrüfatında problemlər yaradıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yetkin Mehmanov APA TV-yə bildirib ki, kəskin iqlim şəraiti nəticəsində yaranan problemlərin həll edilməsi üçün intensiv işlər aparılır. Ümumilikdə isə ciddi problem yoxdur.
Quba 5 saylı yol istismar idarəsinin sədri Aydəmir Manafov Bakı-Quba-Rusiya Federasiya magistral yolunun idarənin xidmət etdiyi istiqamətində hərəkətin təmin olunduğunu bildirib. “Yol bağlanmayıb, səhərə qədər ərazidə texnika işləyib. Rayonun digər ərazilərində, xüsusilə kənd yollarında təmizləmə işlərində çətinliklər var”.
Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, ən çox yağıntı Xaçmaz rayonunun Nabran ərazisinə düşüb. Burada qarın hündürlüyü 52 sm-ə çatıb. Quba-Qusar rayonlarında 18, Siyəzənə 24 sm qar yağıb. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Qubanın Xınalıq kəndində temperatur mənfi 19 dərəcəyədək enib. Qeyri-sabit hava şəraitinin fevralın 2-dək davam edəcəyi proqnozlaşdırılır.