Qarlı havada ləngiyənlər üçün həyat sığınacaqları – XÜSUSİ REPORTAJ
Havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti birgə kimsəsi və yolda qalan insanların müvəqqəti sığınması üçün sığınacaqlar təşkil edib. Burada insanlar isti yemək və yatacaqlarla təmin ediləcəklər.
Paytaxtın Nərimanov, Nəsimi, Nizami, Xətai, Yasamal rayonlarında təşkil edilən müvəqqəti sığınacaqlar yalnız kimsəsizlər üçün deyil eyni zamanda açıq havada işləyənlər, yaşayış yeri uzaq olduğundan evlərinə gedə bilməyən insanlara xidmət göstərəcək.
Nərimanov rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahmar İbadov bildirib ki, kimsəsizlərin, hava şəraiti ilə əlaqədar küçədə qalanların, evi uzaq olanların müvəqqəti qalması üçün rayonun bir neçə yerində çadırlar təşkil edilib. Bu çadırlarda 24 saatda ərzində donmanın qarşısının alınması məqsədi ilə isti xörəklər və isti çay veriləcək.
Təşkil olunan çadırlar bu yataq dəstləri və isti ədyallar təmin ediləcək ki, həmin şəxslər bu isti yatağın vasitəsilə müvəqqəti soyuqdan qorunacaqlar.
Günün 24 saatı ərzində fəaliyyət göstərəcək sığınacaqların nə qədər fəaliyyət göstərəcəyi hələlik bilinmir. Bu birbaşa hava şəraitindən asılı olacaq. Burada insanlar soyuqdan qorunmaq üçün mavi yanacaqla təmin ediləcəklər.
Bununla yanaşı hər bir sığınacaqda müvəqqəti işləyən tibb məntəqəsi və növbətçi hissələr də təşkil ediləcək.
Növbətçi Anar Musayev deyir ki, “142 qaynar xətti”nə daxil olan zənglərdə əgər kimsə zəng edib desə ki, soyuqda qalıb bura gələ bilmir, o zaman həmin şəxsin ardınca avtomobil göndəriləcək və həmin şəxs birbaşa sığınacağa təhvil veriləcək.
Qeyd edək ki, müvəqqəti sığınacaqlarda məskunlaşmaq istəyən vətəndaşlar “142” Qaynar xəttinə və 498 98 98 , 050 310 18 48 mobil nömrələrə zəng edib yardım istəyə bilərlər.
Axşam saatlarına yaxın artıq müvəqqəti sığınacaqların ilkin qonaqları gəlməyə başladılar. Axşam saatlarında havanın kəskin soyumasını nəzərə alsaq, sığınacağın sakinlərinin sayının artacağı gözlənilir.