Kənd təsərrüfatı naziri Ucarda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Heydər Əsədov Ucarda vətəndaşlarla görüşüb. Qəbulda Ucar, Zərdab, Ağdaş, Göyçay, Kürdəmirdən gələn 60-a yaxın vətəndaş iştirak edib.

Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, süni mayalanma yolu ilə doğulan hər balaya subsidiyaların verilməsi, istehsalın genişləndirilməsi və kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsindəki çətinliklər, habelə kredit müddətlərinin uzadılması, müasir suvarma sistemlərinin alınması, taxıl biçini zamanı kombayn çatışmazlığı, bölgələrdə soyuducu anbarlarda məhsulun batması, aqroservis filiallarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, pambığın satınalma qiymətinin artırılması və digər məsələlərlə əlaqədar nazirə müraciət ediblər.

Qəbula gələn fermerlərin, eləcə də fiziki şəxslərin müraciətləri dinlənilib, həlli üçün aidiyyəti qurumlara göstəriş verilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb. 

Müəllif | Apa.Tv
Zahid Abışov