“Baku Crystal Hall”da Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Baku Crystal Hall”da bu rayonun gənclərinin 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib.


Sonra Azərbaycanda gənclər sahəsində keçirilmiş müxtəlif səpkili tədbirlər, dövlət gənclər siyasətinin icrası və onlara dövlətin diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, gənclərə, gələcək nəslə daim çox böyük önəm verən prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

A. Əsgərov qeyd edib ki, Səbail rayonunun əhalisinin təqribən 26 faizini gənclər təşkil edir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və başqa sahələrdə fərqlənən gənclərə və gənc kollektivlərə 20 nominasiya üzrə Səbail rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı ilə başa çatıb.
 

Müəllif | Apa.Tv