Gecə Bakıda yaradılmış sığınacaqlara çoxlu şəxs müraciət edib

Havaların kəskin soyuması ilə əlaqədar Bakıda yaradılan sığınacaqlara müraciət edənlərin sayı gecə saatlarında çoxalıb. Şaxtanın təsiri artdığından, gecələməyə yeri olmayanlar şəhərin beş nöqtəsində fəaliyyət göstərən sığınacaqlara üz tutublar. Bundan başqa, vətəndaşlar da küçədə kimsəsiz və yaşayış yeri olmayan şəxsləri gördükdə etimad telefonu əlaqə saxlayaraq, bu barədə məlumat verirlər. Dərhal növbətçi avtomobil həmin yerə yollanır və soyuqdan donmaq təhlükəsi olan adamlar sığınacaqlara aparılır. Evi olan, amma yolların buz bağlaması üzündən mənzil başına çata bilməyənlər də sığınacaqlara müraciət edirlər.

Qeyd edək ki, sığınacaqlar Bakının Nərimanov, Nəsimi, Nizami, Xətai və Yasamal rayonlarında fəaliyyət göstərir. Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar bu xidmətdən istifadə edə bilərlər. 

Müəllif | Apa.Tv