Bulatovdan Ukrayna hökumətinə mesaj: “SİZDƏN QORXMURAM”

Ukraynada "Avtomaydan" hərəkatının lideri Dmitri Bulatov hazırda Kiyev xəstəxanalarından birində milisin xüsusi nəzarəti altında müalicə alır. Ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib ki, Bulatov iki cinayət işində günahlandırılır. O, təkcə oğurlandığı və işgəncələrə məruz qaldığı üçün yox, həm də kütləvi iğtişaşların təşkil olunmasında fəallıq göstərdiyinə görə ittiham edilir.

 

İttihamnamədə bildirilir ki, müxalifət fəalının sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun haqqında xəstəxanada müalicəsini bitirdikdən sonra ev dustaqlığı qərarı veriləcək. Bu arada Bulatov ona işgəncə verənlərə mesaj göndərib. SİTAT: "Baxmayaraq ki, mənim bədənimdə salamat yer qoymadınız, üzümü cizdiniz, gözümün çıxarılacağı ilə hədələdiniz, qulağımın yarısını kəsdiniz, çarmıxa çəkdiniz, qapıya mismarladınız, başıma torba keçirərək vəhşicəsinə döydünüz, bütün bunlara cavab olaraq deyirəm: “Mən sizdən qorxmuram, məni qorxuda bilməzsiniz. Mən və tərəfdarlarım dayanmayacağıq, mübarizəmiz davam edəcək."

 

"Avtomaydan" lideri bildirib ki, onu naməlum şəxslər oğurlayaraq meşəyə aparıbr və dözülməz işgəncələr verərək atıb gediblər. Ali Radanın keçmiş deputatı Taras Çornovil hesab edir ki, bu cür qanunsuz hərəkətlər və özbaşınalıq BMT-nin Baş Assambleyasında müzakirə edilməli və cinayətkarlar Haaqa tribunalına verilməlidirlər. Çornovil əlavə edib ki, Bulatovun başına gətirilənlər qeyd-şərtsiz cinayətin ən ağır növüdür. Ukrayna Daxili İşlər Nazirliyi isə Bulatovun oğurlanması və işgəncəyə məruz qalması faktını araşdırır.
 

Müəllif | Apa.Tv
Apa.tv