Əli Əhmədov: “Bizə azərbaycanlı gənclərin Suriyada ölməsi lazım deyil”

“Azərbaycan müharibəyə hazırdır". Bu fikirləri söyləyən baş nazirin müavini Əli Əhmədov ermənilərin təxribatları, atəşkəs rejiminin mütəmadi pozulmasını dəyərləndirib.

"Güman edirəm ki, ermənilər Azərbaycanın cəbhə xəttində mövqelərinin gücləndiyini dərk etmələrinə, öz ölkələrində isə narazılıqların artığı ilə əlaqədar olaraq daxili narazılıqlardan insanların fikrini yayındırmaq məqsədilə cəbhə xəttində provokasiyalar etməyə çalışırlar və bununla da daxili auditoriyanın fikrini yayındırmaq istəyirlər. Hesab edirəm ki, Azərbaycan bu provokasiyalara layiqincə cavab verib. Amma söhbət həmin təkcə həmin provokasiyalara konkret cavab verməkdən daha çox Azərbaycanın hərbi gücünün qüdrətinin kifayət qədər güclü olduğunu nümayiş etdirməkdən gedir".

Əli Əhmədov həmçinin son vaxtlar Suriyada həlak olan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə də münasibət bildirib.

"Mən Azərbaycan gənclərinin Suriyada hər hansı ideyalar uğrunda mübarizəyə qoşulmasına müsbət baxmıram. Dünya birliyi çalışmalıdır ki, Suriyada qan tökülməsinin qarşısı alınsın, sabitlik və əmin-amanlıq yaransın. Azərbaycan gənclərinin gedib Suriyada döyüşməsi və həlak olması isə bizim üçün lazım deyil. Azərbaycan gəncləri öz torpaqlarının işğaldan azad edilməsi uğrunda çalışmalıdır və buna hazır olmalıdır. Hər birimiz çağırışlar etməliyik ki, bundan sonra başqa yerlərə, o cümlədən Suriyaya döyüşlər aparmağa hər hansı vətəndaşımız getməsin".
 

Müəllif | Apa.Tv