Gənclər Günü münasibətilə konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2 Fevral - Gənclər Günü münasibətilə konfrans keçirib. Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Gününün tarixi haqqında məlumat verib. Bu günün 1996-cı ildə ölkəmizdə keçirilən Gənclərin I forumunda təsis edildiyini deyən Seymur Orucov bildirib ki, dünya ölkələri sırasında yalnız Azərbaycanda Gənclər Günü qeyd olunur.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, Heydər Əliyevin ideyalarına əsaslanan gənclər siyasəti gənclərin bu günün və gələcəyin layiqli vətəndaşları kimi yetişməsinə yönəlib. Onun sözlərinə görə, gənclər müasir dünyanın inkişaf tendensiyalarını dərk etməli, gələcəyə dair aydın baxışlar formalaşdırmalıdır.

Milli Məclisin sədr müavini Bahar Muradova vurğulayıb ki, Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti gənclərin üzərinə düşür. O, ölkədə gənclərə təhsil almaları üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Tədbirin sonunda YAP Gənclər Birliyi ilə 2013-cü ildə fəal əməkdaşlıq edən media orqanlarının əməkdaşları və Gənclər Birliyinin aktiv üzvləri mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv