Səttar Mehbalıyev: “Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının əmək hüquqları yüksək səviyyədə qorunur”


Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının və Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının əmək hüquqları yüksək səviyyədə qorunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin sözlərinə görə, hər iki ölkənin həmkarlar ittifaqları təşkilatları bu istiqamətdə ciddi fəallıq nümayiş etdirilər: “Türkiyənin əmək naziri ilə də, həmkarlar təşkilatları ilə də görüşlərdə bu məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə bildirmişəm ki, Türkiyədə çalışan azərbaycanlılara hüquqi yardım edilməlidir. Ola bilər ki, azərbaycanlılar hansısa yazı işlərini bacarmırlar, yaxud miqrasiya proseslərini dərindən bilmirlər. Belə hallarda onlara sənədləşmə işlərində yardım göstərilməlidir. Biz bütün imkanlardan istifadə edərək çalışırıq ki, orada çalışan azərbaycanlıların əmək hüquqları qorunsun. Elə bir hal ola bilməz ki, Azərbaycanda çalışan Türkiyə vətəndaşının problemi müsbət həll olunmasın”.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda Türkiyənin mindən artıq, Türkiyədə isə Azərbaycanın 850 şirkəti fəaliyyət göstərir.

Xatırladaq ki, Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının səyyar iclası keçirilib. Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasına 35 üzv təşkilatın sədrlərinin və sədr müavinlərinin iştirakı ilə baş tutan səyyar iclasda ötən dövr ərzində görülən işlərə dair hesabat dinlənib, qarşıda duran fəaliyyət planı müzakirə edilib.


 

Müəllif | Apa.Tv