Bazara həsrət Göyçay - XÜSUSİ REPORTAJ

Göyçay bazarında acınacaqlı vəziyyət hökm sürür. Bazarda kənd təsərrüfatı məhsulları sanitar-gigiyenik qaydalara əməl edilmədən torpağın üstündə satılır. Əslində bura bazar yox, “Göyçay-Avtonəqliyyat” MMC-nin ərazisi sayılan istifadəsiz qalmış boş torpaq sahəsidir. Rayon sakinləri illərdir ki, burada alış-veriş edir. Satıcılar yay və qış aylarında açıq havada, toz-torpağın içində al-ver edərkən çox əziyyət çəkdiklərini deyirlər. Onlar bazarda məhsul satışı üçün heç bir şərait olmadığı halda yer haqqı da ödəyirlər.

Satıcı deyir ki, burada ticarətlə məşğul olmaq üçün konkret heç bir şərait yoxdur: “Camaat hamısı çöldədir. Bura bazar sayılmır. Bura avtobaza sayılır. Bazarın işçiləri gəlib buradan avtobazanın qabağından pulu yığıb gedirlər. Çöldə bir nəfər əlində bir toyuq satır. Deyirlər ki, toyuğu satdın, mənim pulumu ver”.

Dəhşətlisi budur ki, satıcılar kəndlərdən gətirdikləri süd məhsullarını, göyərtini və meyvə-tərəvəzi piştaxtalarda yox, antisanitariya şəraitində olan bir ərazidə, torpağın üstündə satırlar. Bazardakı şəraitdən satıcılarla yanaşı alıcılar da narazıdır. Onlar aldıqları qida məhsullarının həyatları üçün təhlükə yarada biləcəyini deyirlər. Rayon sakinləri normal şəraiti olan bir bazarın inşasını tələb edirlər.

Bazardakı bu cür neqativ halların nə vaxt aradan qaldırılmasını öyrənmək üçün bazar rəhbərliyi ilə əlaqə saxladıq. Bazar rəhbərliyi rayon sakinlərinə bir qədər səbirli olmağı, yeni bazarın inşasının başa çatmasını gözləməyi tövsiyə etdi: “Bazar rəhbərliyi gördüyünüz bu ərazidə yeni bir bazarın tikintisinə başlanıb, işlərə oktyabrdan start verilib. Gördüyünüz kimi sürətli iş gedir. Burada təxminən 700 - 800 iş yeri olacaq”.

Göyçay şəhərinin kənarında 2.5 hektar ərazini əhatə edəcək yeni bazarda artıq hörgü işləri görülür. Tikinti bu ilin mayınadək başa çatdırılacaq. Göyçayda küçələrin kənarında və “Göyçay-Avtonəqliyyat” ASC-nin ərazisində açıq havada ət və süd məhsullarının, meyvə-tərəvəz və bostan məhsullarının satışı ilə məşğul olan kəndlilər və kiçik sahibkarlar bu yeni ticarət kompleksinə köçürüləcək. Göyçay şəhərindən və kəndlərdən həmin ticarət kompleksinin qarşısına avtobusların hərəkəti təmin ediləcək.


 

Müəllif | Apa.Tv
Elvin Yaqubov