Hələbə endirilən hava zərbələri nəticəsində 72 nəfər ölüb - MÜHARİBƏ

Suriyanın Hələb şəhərinə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Suriya ordusu Hələbə bir neçə zərbə endirib. Ölənlər arasında müxalifət qüvvələrinin döyüşçüləri də var.

 

Suriyanın rəsmi kütləvi informasiya vasitələri Hələbin şimalında xüsusi əməliyyatın keçirildiyi barədə məlumat yayıblar. Məlumata görə, əməliyyatın hədəfi qonşu ölkələrdən Suriyada döyüşməyə gələn silahlılardır.

 

Qeyd edək ki, cümə günü İsveçrədə "Cenevrə-2" beynəlxalq konfransının birinci hissəsi başa çatıb. BMT rəsmiləri etiraf ediblər ki, Suriyanın hakimiyyət və müxalifət qüvvələri arasında bir həftə davam edən danışıqlarda çox cüzi irəliləyiş var. Tərəflər heç bir müddəa ilə bağlı razılığa gələ bilməyiblər. Müxalifət hakimiyyətdən mövqelərindən geri çəkilməyi, keçid hökumətinin tərkibi və formatı ilə bağlı müzakirələrə başlamağı tələb edir. Dəməşq nümayəndələri isə müxalifətin nümayəndə heyətinin tərkibindən narazıdır. Danışıqların növbəti mərhələsi fevralın 10-da Cenevrədə başlamalıdır.

 

Suriyada 2011-ci ilin martından başlayan silahlı münaqişə nəticəsində 100 mindən çox adam ölüb.

 

Müəllif | Apa.Tv
Apa.tv