Leonid Slutski: "Bu, Azərbaycanın öz seçimidir"
"Azərbaycanın Avropa və ya Avrasiya inkişaf yoluna qoşulması ölkə rəhbərliyinin öz seçimidir".
APA TV-nin xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Leonid Slutski deyib: "Azərbaycan bu gün böyük inkişaf xətti yaşayır və çiçəklənən dövlətə çevrilir. Ölkə enerji cəhətdən müstəqildir. Biz bunun heç də asan olmadığını xatırlayırıq.
Azərbaycanın çiçəklənən iqtisadiyyat və uğurlu siyasətlə bağlı səylərini alqışlayıram. Yoxsulluqla mübarizə proqramı həyata keçirilir, Dağlıq Qarabağdan milyonlarla qaçqın və məcburi köçkünlər var. Buna baxmayaraq, Azərbaycan xalqının maraqlarını nəzərə almaqla savadlı, ardıcıl və çox ehtiyatla özünün inkişafının gələcək yollarını müəyyən edir".
Slutski Azərbaycan xalqının maraqları çərçivəsində ölkə rəhbərliyinin hansı inteqrasiya blokunu seçməsi ilə bağlı Azərbaycan hökumətinin doğru qərar verəcəyinə əmindir.
Rusiyalı deputat Azərbaycanda keçirlən sonuncu prezident seçkilərində MDB parlamentlərarası müşahidə komissiyasının sədri kimi seçkiləri müşahidə etdiyini xatırladıb. Onun sözlərinə görə, vaxtilə AŞPA-dakı nümayəndə heyətinə sədrlik edən İlham Əliyev Avropa Şurasının prinsip və ali standartlarını öyrənib və ölkəsində həyata keçirir.
Leonid Slutski miqrasiya məsələsinin postsovet məkanında ən gərgin məsələlərdən biri olduğunu deyib: "Rusiyada Dövlət Duması və digər qurumlar miqrasiya siyasəti ilə ciddi məşğuldur. Biz bu məsələ ilə bağlı Bakıdakı müvafiq qurumlar, Azərbaycan Milli Məclisi və Azərbaycanın Rusiyadakı səfirliyi ilə işləyirik".
O, iki dövlətin bütün problemlərin həlli üçün birlikdə irəliləyəcəyini vurğulayıb.