Bakıda 40 nəfər sürüşüb yıxıldı, 10 nəfəri don vurdu - QAR STATİSTİKASI
Azərbaycanda qarlı şaxtalı-havada yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gündə 50-yə yaxın müraciət daxil olub. Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA TV-yə bildirib ki, 3 gündə küçədə yıxılma nəticəsində 40-dan çox insan xəsarət alıb, onlardan 29 nəfər xəstəxanaya yerləşdirilib: "Donvurma ilə bağlı 10 müraciət olub. Biz onları xəstəxanaya yerləşdirmişik. Bir nəfər 2 saylı xəstəxananın qəbul şöbəsində rəhmətə gedib. Təcili yardımı kim çağırıbsa gedib, onları xəstəxanalara yerləşdirmişik. Onlar əsasən, küçədə, zirzəmidə yaşayan orta yaşlı kişilər olub".
Bir neçə gündür, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə yollar buz bağlayıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Fevrlın 3-ü səhər saatlarından etibarən isə bütün bağlı yollar açılıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ötən gecə Ağstafa-Qazax istiqamətində yağan intensiv qar nəticəsində asfalt örtüyü buz bağlayıb. Hazırda müvafiq qurumlar yolun buzdan təmizlənməsi istiqamətində iş aparır. İdarədən bildirilib ki, yollarda vəziyyətin normal olmasına baxmayaraq, sürücülər tam diqqətli olmalı, mövsümi şinlərdən istifadə etməli, əyləc sistemindən maksimum az istifadə etməlidirlər.
Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, 4 gündə bütün əraizlərə duz və qum səpilib. Hava şəraitindən aslı olmayaraq, idarənin əməkdaşları yollara nəzarət edir. Bakı Beynəlxalq Avtovağzalında, Azərbaycan Dəmir Yollarında da nəqliyyatın hərəkəti adi günlərdə olduğu kimidir.
Ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yaxın 3 gündə Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın ayrı -ayrı bölgələrində hava yağmursuz keçsə də, şaxtalı hava hökm sürəcək.