Bakıda 420 NƏFƏR SIĞINACAĞA ÜZ TUTUB
Qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil edib. 4 gün ərzində həmin sığınacaqlara 420 nəfər insan qəbul olunub.
APA TV-nin xəbərinə görə, Xətai rayonunda 71, Nərimanov rayonunda 130, Nəsimi rayonunda 75, Nizami rayonunda 50, Yasamal rayonunda 34, Sumqayıt şəhərində isə 60 nəfər kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlardan istifadə edib.
Sığınacaqlarda olduqları müddətdə həmin insanlar 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla, lazım olduqda tibbi xidmətlə təmin olunublar. Onların böyük əksəriyyətini açıq havada səyyar işləyənlər və rayonlardan müvəqqəti olaraq, Bakıya gələrək yenidən öz rayonlarına qayıtmaqda çətinlik çəkənlər təşkil edib.