AKP üzvü Reha Denemeç: "Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir"
"Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir".
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Reha Denemeç deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə pozitiv baxdığını deyib: "Burada Türkiyə və Türkiyənin dostları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlimizdən gələni edəcəyik. Problemlər var ki, onların bir anda dəyişməsini gözləmək doğru deyil. Addım-addım həllə doğru gediləcək ortaq nöqtənin tapılacağına inanıram".
O, Türkiyə-Azərbaycan münasibətlərinin hər zaman ən yüksək səviyyədə olduğunu deyib. Türkiyəli parlamentarinin sözlərinə görə, Azərbaycanın iqtisadi cəhətdən inkişafı bu münasibətləri daha da canlandırır: "Sonucda Türkiyə Azərbaycanın böyük bir bazardır. İstehsal etdiyi neft və qazın həm üzərindən keçilməsi, həm də alınması baxımından böyük bir bazardır. Türkiyənin istehsal etdiyi bir sıra mallar da Azərbaycan bazarlarına çıxarılır. Bundan başqa, siyasi baxımdan Türkiyə-Azərbaycan münasibətləri çox önəmlidir".
Reha Denemeç Azərbaycana ən son 2003-cü ildə gəldiyini xatırladaraq, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi səbəbi ilə yaxın aylardakı toplantılardan birinin Azərbaycanda keçiriləcəyini və inkişafı gəlib yerində görəcəyini deyib.