Oqtay Əsədov: "SURİYADA DÖYÜŞƏN AZƏRBAYCANLILARIN HAMISINA TERRORÇU DEMƏK OLMAZ"
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkilləri Suriyada döyüşən azərbaycanlılarla bağlı məsələni müzakirə ediblər. APA TV-nin xəbərinə Millət vəkili Zahid Oruc bildirib ki, Suriyaya kütləvi axın edən azərbaycanlı gənclər orada terror dəstələrinin tərkibinə qatılırlar. Onun sözlərinə görə, Suriyada terror ruhunda yetişdirilən azərbaycanlılar gələcəkdə hansısa qüvvələr tərəfindən ölkəmizə qarşı qarşı istifadə olunacaq: "Bu insanlara qanuni prinsiplə münasibət göstərilməsini təklif edirəm. Buna görə də qanunda bu yöndə mütləq dəyişiklik olmalıdır. Təklif edirəm ki, günü bu gün Azərbaycan baş prokurorluğu orada döyüşən insanlarımız barədə mütləq olaraq cinayət işi qaldırsın. O, insanlar bilməlidir ki, bura qəhrəman kimi dönməyəcəklər".
Digər millət vəkili Siyavuş Novruzov bildirib ki, bəzi dövlətlərə və beynəlxalq qurumlara arxalanan təşkilatlar son vaxtlar Azərbaycana qarşı yeni təhdid metodu seçib: “Bu təşkilatların arxasında duran dövlətlər, qurumlar bəllidir. Bu istiqamətdə Azərbaycana qarşı təhdidlər, tələblər, şərtlər irəli sürməyə hazırlaşır. Azərbaycanın güclü hüquq-mühafizə orqanları var. Eyni zamanda Azərbaycan xalqının dövləti və prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanın maraqlarından geri çəkilməsinə imkan verməyəcək, bunun dəfələrlə şahidi olmuşuq”.
Müzakirələrə qoşulan Spiker Oqtay Əsədov problemin ölkə üçün ciddi olduğunu vurğulayıb: “Ancaq vuruşanların hamısına terrorçu demək olmaz. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Muzdlu döyüşçülər təhlükəli və çətin məsələdir, bunun qarşısının alınması da çətindir. Yəni bu məsələlərdə problemlər var”.
Oqtay Əsədov həmçinin Milli Məclisdə internet saytlarda terrora çağırış, bu xarakterli hədə və bəyanatlarla bağlı qanunvericilikdə yenilik edilməsi məsələsinə baxılmasını təklif edib.