Buzlu yollarda sürüşmək texnikası - MƏSLƏHƏT
Qarlı-şaxtalı gülərdə buz bağlamış yollarda hərəkət piyadalar və sərnişinlər üçün ciddi təhlükədir. Sürüşkən yollarda yerimək və avtomobil idarə etmək böyük diqqət tələb edir. Bəzən yıxılmamaq və ya qəzaya düşməmək üçün göstərilən bütün cəhdlər nəticəsiz qalır. Bunun fəsadları isə çox ağır olur, hətta ölümlə nəticələnir. Yol polisi belə havalarda davamlı olaraq, sürücülərə diqqətli olmaları, zərurət olmadığı halda yola çıxmamaları barədə xəbərdarlıq edir. Bu xəbərdarlığa əməl edən sürücülər ciddi təhlükələrdən də sığortalanmış olurlar.
Piyadaların da ən az sürücülər qədər diqqətli olması lazımdır. Belə havalarda səkilər, üst və alt keçidlər ciddi təhlükə mənbəyinə çevrilir. Mütəxəssislər deyirlər ki, sürüşərək yıxılanlarda daha çox əl barmaqlarında, biləklərdə çatlar, qırıqlar olur. Çünki yıxılan şəxs ilk növbədə əlini özünə dayaq edir ki, nəticədə bütün ağırlıq əllərə düşür. Həmçinin, dirsəklərdə, çiyinlərdə, onurğada, başda ciddi xəsarətlər ola bilər. Bəzənsə ayaq burxulur və o zaman da sınma və s. kimi ağır fəsadlara səbəb olur.
Baki şəhər 1 saylı Təcili Yardim Stansiyasının müdüri Nazim Hümbətov APA TV-yə deyib ki, yıxılan şəxslər olduqda mümkün qədər təcili tibbi yardıma müraciət etmək lazımdır.
Həkim bildirir ki, ilkin olaraq xəstə müayinə olunmalı travmanın növü və dərəcəsi müəyyənləşdirilməlidir: "Sonra müvafiq yardım göstərilməlidir".
Həkim sözlərinə görə, yaşlı insanların belə havalarda çölə çıxmağı çox təhlükəlidir. Yaşlıların sümükləri kövrək olur ki, bu da tez sınmağa gətirib çıxarır. Nəticədə adi yungül yıxılma ciddi sınıqlarla nəticələnir.
Həkim deyir ki, fevral ayının ilk günlərində havaların daha şaxtalı keçməsinə görə müraciətin sayı artıb.
Sorğu zamanı sakinlər qarın yağmasından zövq aldıqlarını desələr də, xoşagəlməz hadisələrlə qarşılaşdıqlarını bildiriblər.
Mütəxəssislər isə təhlükələrdən qorunmaq üçün bunları tövsiyyə edirlər:
1 - Sürüşkən olmayan ayaqqabılar və yumşaq paltarlar geyinmək;
2 - Əlləri cibə qoymadan, sərbəst yerimək;
3 - Xırda və yavaş addımlar atmaq, pilləkən enib-çıxarkən ayaqların pillələrə tam oturmasından əmin olmaq;
4 - Pilləkənlərdə məhəccərlərdən tutmaq;
5 - Buzlu sahələrdən kənar durmaq;
6 - Sürüşkən yerlərdə yeriyərkən çətir və ya çəliklərdən istifadə etmək, onların yardımı ilə yerimək;
7 - Yumşalan qarın altında sərt buz təbəqələrinin olub-olmadığına diqqət etmək;
8 - Yıxılma ehtimalında ovucları yerə basmaq, yanlara düşən ağırlığı yüngülləşdirmək;
9 - Yıxılan zaman kürək, bel, boyun və ya başdan xəsarət alanları tərpətmədən xəstəxanaya çatdırmaq.
Həkim məsləhətlərinə əməl edib, qarlı yollarda xəsarət almadan keçmək mümkündür. Amma mütəxxəssislərin ilk məsləhəti budur ki, belə havalarda zərurət olmadıqda yola çıxmayın.