Ermənistana keçmiş Cavid Orucovun anası: “Çəkdiyim əziyyəti ona halal etmirəm”


“İnan ki onu itirdiyim üçün yox, etdiyi hərəkətə görə yanıram. Övladının atıb getməsi, özünə düşmən ölkəyə getməsi görün ana üçün nə qədər ağırdır”.

Mirvari Orucova bu günlərdə öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovun anasıdır. 11 saylı internat məktəbində müdir müavini işləyən Mirvari xanım deyir ki, oğlunun bir neçə dəfə xaricə getmək niyyəti olub. Oğlu Cavid əvvəllər 3 ay özəl mühafizə xidmətində işləyib, sonra isə konkret heç bir işlə məşğul olmayıb. C. Orucovun 2001 və 2003-cü illərdə Rusiyada yaşadığını deyən anası oğlunun sonradan Norveçə getdiyini deyir.

“Ora 2013-cü ildə gediblər. 2013-cü ilin sentyabrında deportasiya olunub və Azərbaycana qayıdıblar. Cavid yenidən Azərbaycanı tərk etmək fikrinə düşüb. 3 gün evlərinə zəng etdim, zəng çatmadı. Yanvarın 30-da işə getmişdim, orada eşitdim ki, oğlum belə bir hərəkət edib. Məktəbin müəllimləri də bundan xəbər tutdu. Çox xəcalət çəkdim. Axı mən belə övlad böyütməmişəm ki, düşmən qapısına qaçsın”.

Cavid Orucovun ikinci həyat yoldaşı milliyətcə ermənidir, anası oğlunun bu səbəbdən Ermənistana keçdiyini ehtimal edir. Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya Cavid Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilib və müəyyən maraqlar üçün istifadəyə məcbur edilib. Rəsmi statistikaya görə, bu gün Azərbaycanın işğal altında olmayan ərazilərində 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya nəyəsə məcbur edilməsi ilə bağlı bu günədək hər hansı fakt yoxdur.

Mirvari Orucova deyir ki, gəlininin nə milliyyəti, nə başqa xüsusiyyəti onu maraqlandırmayıb: “Sadəcə insan kimi yaxşı insan olub. Onun atası Şuşalıdır. Anasının bir tərəfi polyak yəhudisi, bir tərəfi ermənidir. Amma nə mən, nə qohumlar heç kim onu erməni adı ilə tanımayıb və incitməyib”.

Ana bildirir ki, C. Orucovun ailə üzvləri ilə birgə Ermənistana səfər etmələrinin məqsədi Azərbaycan vətəndaşlığından imtina edərək Ermənistan vasitəsilə üçüncü ölkədə sığınacaq almaq istəyidir.

Oğlunu tüfeyli həyat tərzinə meylli şəxs kimi xarakterizə edən Mirvari Orucova onun ailəsi ilə birgə düşmən ölkəsinə keçməsini qəti şəkildə pisləyib, bir daha onu asan yolla gəlir əldə etməyə meylli şəxs kimi xarakterizə edib. Ana övladının bu addımı atmasında kənar təsirlərin olmasını da istisna etmir.

“Çətinlik ola bilər. insan haradasa çətinlik çəkə bilər. Ancaq bu, onu məcbur etmir ki, ən alçaq yola əl atsın. Mən onu dəstəkləmirəm, etdiyi hərəkətə görə saymıram. Ona çəkdiyim əziyyəti halal etmirəm”.

APA-nın araşdırması zamanı müəyyən edildi ki, C. Orucovun guya həyat yoldaşının erməni əsilli olması ilə bağlı Azərbaycanda ona hansısa təsirlər olduğu ilə bağlı iddialar həqiqətə uyğun deyil. Son illər xarici ölkələrdə yaşamaq hüquq əldə etmək üçün bəzi vətəndaşlarımızın “erməni əsillilik”, “cinsi azlıq” və ya digər “faktorlardan” sui-istifadə etdiyi sirr deyil. Cavidin də məhz bu amildən yararlanmaq istədiyi daha real görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.
 

Müəllif | Apa.Tv