Türkiyəli deputatlardan BƏLƏDİYYƏ SEÇKİLƏRİ PROQNOZU

"Türkiyədə baş verən son hadisələr qarşıdan gələn bələdiyyə seçkilərinə mütləq təsir edəcək".

APA TV-nin xəbərinə görə, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədr müavini, partiya sözçüsü Haluk Koç deyib. Onun sözlərinə görə, ölkədə iqtidarda olanlar və onların yaxınlarının bu kimi hadisələrlə, sənədlərlə, görüntülərlə, evlərdəki pul qutuları ilə ortaya çıxması çox böyük bir maraq yaradıb. Məhkəmələrə təsir, bununla əlaqədar məclisə xüsusi qanunların gətirilməsi Avropa Birliyinin, Avropa Şurasının bütün mexanizmlərindən kənardır: "Bütün bunlar Avropa və Türkiyədə müxalifət tərəfindən dilə gətirilir. Biz ölkəmizdən şikayət etmirik, amma istəyirik ki, qanunlar işləsin, rüşvət hadisəsi olduqda millətin naminə məhkəmələr mühakimə etsin, cinayətkarın cəzasını versinlər. Cinayətkarı qoruyub, cinayəti ört-basdır etsəniz, siz də cinayət törətmiş sayılırsınız". 

 

Partiyalar son namizədlərini fevralın 9-da açıqlayacaq: "İstanbul, Ankara, İzmirdə seçki bizim üçün önəmlidir. İstanbul və Ankarada CHP-nin seçkiləri udmaq şansının çox olduğunu düşünürük. Əgər bu üç şəhər CHP-nin əlinə keçərsə, iqtidar bundan sonra çox çətin bir dönəmə girəcək".

Ədalət və İnkişaf partiyasından olan millət vəkili, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Reha Denemeç partiyasının hər seçkidə səs göstəricisinin artdığını və bu seçkilərdə də nüfuzlarının yüksək olduğunu deyir: "2009-cu ildə yerli seçkilər ərəfəsində AKP-nin bağlanması barədə iddia qaldırılmışdı. İşsizlik 16 faiz idi, iqtisadiyyat 14 faiz azalmışdı. O zaman bizim bələdiyyə seçkilərində göstəricimiz 38 faiz olmuşdu. İndi 57 faiz səs göstəricimiz var".

 

 

Reha Denemeç ötən ilin sonunda Türkiyədə keçirilən "rüşvət əməliyyatları"nın bələdiyyə seçkilərinə hesablandığını bildirib.

 

Ədalət və İnkişaf partiyasının qurucularından olan millət vəkili bu hadisələrdən sonra aparılan anket sorğularında partiyasının səs faizlərində hər hansı mənfi tendensiyanın müşahidə olunmadığını deyir. 

Müəllif | Apa.Tv