Bakıda 5 gün əvvəl ÖZÜNÜ YANDIRAN QIZ ÖLDÜ

Bakıda 5 gün əvvəl özünü yandıran 24 yaşlı qız xəstəxanada dünyasını dəyişib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 30-da Məlakə Bayramlı Səbail rayonu ərazisində intihara cəhd edib. İntihar cəhdinin qarşısı alınıb və M. Bayramlı yanıq xəsarətləri ilə 5 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Prokurorluq müəyyən edib ki, M. Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ilin oktyabrından 2013-cü ilin oktyabrınadək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M. Bayramlı Ə. Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M. Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə. Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu bildirib.

Ə. Həbibli M. Bayramlı ilə nişanlanaraq, bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M. Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.

APA TV-nin xəbərinə görə, Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırmaq) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli saxlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv