Elmar Məmmədyarov: "...cəbhə xəttində döyüşlər aktiv şəkil alır"

"Hər dəfə danışıqlar prosesi bir az irəli gedəndə, cəbhə xəttində döyüşlər aktiv şəkil alır".

APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib. Onun sözlərinə görə, cəbhədəki bu hadisələr Ermənistan tərəfi hücuma keçəndə Azərbaycan əsgərlərinin cavab verdiyi zaman baş verir: "Baxmayaraq ki, döyüşlər davam etdirilir və erməni tərəfi susdurulur, amma biz düşünürük ki, danışıqları davam etdirməliyik. Bu, birmənalıdır. Dünən də, bu gün də həmsədrlərlə bu haqda müzakirələr aparmışıq. Necə ki, Paris görüşündən sonra açıqlama vermişdim, biz daha konkret məsələləri müzakirə edirik".

 

Nazir bildirib ki, artıq həmsədrlər bəzi məqamlarla bağlı Azərbaycanın mövqeyini öyrəniblər. Onun sözlərinə görə, həmsədrlər bu axşam İrəvana yola düşəcəklər  və orada danışıqları davam etdirəcəklər. Orada konkret məsələlərin müzakirəsi ilə bağlı nəticələr olsa, o zaman ya prezidentlər, ya da xarici işlər nazirləri səviyyəsində görüşlər ola bilər: "Amma Azərbaycanın mövqeyi birmənalıdır. Biz danışıqları yalnız danışıqlar xətrinə aparmaq istəmirik. Biz istəyirik ki, konkret məsələləri müzakirə edək və 2014-cü ildə bir irəliləyişə nail olaq".

 

Nazir qeyd edib ki, nə qədər tez Böyük Sülh Sazişi layihəsinin üzərində işlənilməyə başlansa, bu, region, Azərbaycan, Ermənistan üçün o qədər əlverişli olar.

 

Müəllif | Apa.Tv