PENSİYAÇILARA ŞAD XƏBƏR

Azərbaycanda pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinin təmin olunması üçün Dövlət Sosial Müdafiə Fondundan il ərzində 21,6 milyon manat həcmində əlavə vəsaitin ayrılması tələb olunur. APA TV-nin xəbərinə görə, Fondun rəhbəri Elman Mehdiyev bildirib ki, bu prosesin təmin olunması üçün hər ay 1,8 milyon manata yaxın vəsait lazımdır. Bu da fondun büdcəsində nəzərdə tutulur. Artım pensiyaçıların 95 faizinə şamil edilir. Yerdə qalan dövlət qulluqçuları və vətəndaşların digər kateqoriyalarından ibarət beş faizin pensiyaları xüsusi qaydada hesablanacaq: "Baxmayaraq ki, yanvar ayının pensiyaları artıq maliyyələşdirilib. Biz fevral ayının pensiyalarının ödənişi prosesində yanvar ayı üzrə olan ödənişləri də pensiya məbləğlərinə əlavə edərək ödəcəyik. Əgər vətəndaşın 300 manat pensiyası varsa, deməli onun yüz manatı baza hissəsi, 200 manat isə sığorta hissəsidir. Bu artım isə yalnız sığorta hissəsinə tətbiq ediləcək. Yəni vətəndaşın sığorta hissəsini həcmi ötən ilin infliyasiya faizinə uyğun olaraq 2,4 faiz həcmində artırılacaq".

 

Elman Mehdiyev həmçinin bildirib ki, "Pensiya+" xidmətində yeniliklər tətbiq ediləcək: "Bizim bankla apardığımız danışıqlara əsasən, "Pensiya+" layihəsinin iştirakçılarının istifadə elədiyi faizsiz krediti pensiyaçılarımız bir dəfəyə deyil, üç ay ərzində hissə-hissə qaytaracaqlar".

 

O bildirib ki, əmək pensiyaçılarının da öz çoxfunksiyalı plastik kartlarından nəğdsiz ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdəndir və bunun üçün müxtəlif tədbirlər həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv