TƏMAS XƏTTİNDƏ GƏRGİNLİK ƏN YÜKSƏK HƏDDƏ ÇATIB - MONİTORİNQ
Cari ilin yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi faktlar üzrə aparılan monitorinqin nəticələrinə görə, ötən ay cəbhə xəttində atəşkəs rejimi 1543 dəfə pozulub.
APA-nın apardığı araşdırmanın nəticələrinə görə, atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 zabiti şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin isə yaralanıb. Atəşkəs pozuntularının intensivləşməsi yanvarın 20-dən sonra daha da artıb. Ümumilikdə yanvarın 20-dən 31-dək cəbhədə atəşkəs rejimi 1504 dəfə pozulub. Bir sıra istiqamətlərdə isə sutka ərzində qısa fasilələrlə aktiv döyüşlər gedib.
Yanvarın 20-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusunun diversiya-təxribat qruplarının 5 cəhdinin qarşısı alınıb. Ermənilər tərəfindən yanvarın 23-də cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri atəşə tutulub.
APA TV xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ildə atəşkəs rejimi 1796 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb.